NAXÇIVAN

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsidir. 1995–ci il noyabrın l2-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına və 1998–ci il dekabrın 29-da qəbul olunmuş Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.

Naxçıvan Muxtar Respublikasının ərazisi 5,5 min kvadratkilometr, əhalisi 450 min nəfərdir (1 iyun 2017). Naxçıvan Muxtar Respublikası paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan təşkil olunub. 5 şəhəri, 8 qəsəbəsi, 206 kəndi vardır.

Naxçıvan Muxtar Respublikasının sərhəddi Türkiyə Respublikası ilə 14 kilometr, İran İslam Respublikası ilə 204 kilometr, Ermənistanla 246 kilometr təşkil edir.

Muxtar respublika ərazisində olan 1200-dən çox qədim tarixi abidə xalqımızın zəngin mədəni irsindən xəbər verir. 5 min illik şəhər mədəniyyətinə malik olan Naxçıvan şəhəri 2018–ci ildə

İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir. Qədim tarixi, müasir inkişafı, zəngin mədəniyyəti və təhlükəsiz həyat şəraiti Naxçıvanda turizmin inkişafına səbəb olub.

Naxçıvan Muxtar Respublikası Zaqafqaziya yaylasının cənub–şərqində yerləşir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 metrdir. Mövcud 11 iqlim tipinin 9–na muxtar respublika ərazisində təsadüf olunur.

Muxtar respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz dağ silsilələri əhatə edir. Ən hündür zirvəsi Qapıcıq dağıdır (3904 m). Ərazinin üçdə bir hissəsini Arazboyu düzənliklər təşkil edir. 200–dən çox mineral su bulağı, 400-ə qədər böyük və kiçik çayı vardır.

Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşmışdır. Ərazidə olan flora və faunanın nadir növləri Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabına daxil edilmişdir və xüsusi mühafizəyə alınmışdır.

 

Muxtar respublikanın təbiəti, flora və faunası qorunur. Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət Yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir.